Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
- 29 oktyabr, 2026
- 16:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Şimali Kiprdə Fələstin Prezidenti Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb, səfərin Kipr türklərinin iradəsi nəzərə alınmadan baş tutduğunu bildiriblər.
"Report" xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qurumdan bildirilib ki, M.Abbasın səfərini diqqətlə izləyirlər və onun Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə görüşündə Kipr məsələsinin müzakirə edilməsi planları barədə məlumatı diqqətə alıblar.
"Kipr türkləri uzun illərdir ki, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu və onun qanuni mübarizəsini səmimi olaraq dəstəkləyirlər. Bu möhkəm tarixi həmrəylikdən çıxış edərək vurğulamaq istərdik ki, danışıqlar zamanı Şimali Kipr Türk Respublikasının qanuni hüquq və maraqlarının nəzərə alınacağını gözləyirik", - bəyanatda qeyd olunub.
Qurumdan bildirilib ki, adada iki ayrı xalq və iki ayrı dövlət mövcuddur: "Kipr türklərinin iradəsi nəzərə alınmadan həyata keçirilən bu səfər xalqımız tərəfindən təəssüflə qarşılanıb".
Bununla yanaşı, Şimali Kiprin Xarici İşlər Nazirliyi Fələstinlə dialoqu inkişaf etdirməyə hazır olduğunu bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Fələstin Prezidenti Mahmud Abbas Kipr Respublikasına işgüzar səfərə gedib və səfər çərçivəsində Nikos Xristodulidis ilə danışıqlar aparacaq. Bu, Mahmud Abbasın prezidentliyi dövründə ölkəyə etdiyi üçüncü səfərdir.