Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

Digər ölkələr
  • 18 oktyabr, 2026
  • 06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

ABŞ Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir və region dövlətləri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Marko Rubio Özbəkistana yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Söhbət təkcə Özbəkistandan deyil, Mərkəzi Asiyanın digər dörd ölkəsindən də gedir. Bu münasibətlər mühüm əhəmiyyət daşıyır", – Rubio vurğulayıb.

Onun sözlərinə görə, əməkdaşlığın möhkəmləndirilməsi üçün region dövlətləri ilə birbaşa təmasların davam etdirilməsi vacibdir. Dövlət katibi qarşıdakı səfərini strateji xarakterli səfər kimi qiymətləndirib.

Özbəkistanda Rubio C5+1 formatında xarici işlər nazirlərinin görüşündə iştirak edəcək, həmçinin Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə ikitərəfli danışıqlar aparacaq.

2015-ci ildən fəaliyyət göstərən C5+1 formatı ABŞ-ı və Mərkəzi Asiyanın beş dövlətini – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirir.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Özbəkistana 200-dən çox iri Amerika şirkətinin nümayəndəsi də səfər edəcək. Vaşinqton onların iştirakının ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin inkişafında yeni mərhələnin başlanmasına töhfə verəcəyinə ümid edir.

44 - Tezliklə