R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Digər ölkələr
  • 24 oktyabr, 2026
  • 14:32
R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.

"Report" Almaniya XİN-ə istinadən xəbər verir ki, bu barədə 8 ölkənin xarici siyasət qurumlarının birgə bəyanatında deyilir.

Bəyanata əsasən, xarici işlər nazirləri İran ətrafında yaranmış vəziyyəti, İsrail-Fələstin münaqişəsini və onun iki dövlət prinsipi əsasında həll edilməsi zərurətini müzakirə ediblər. Bundan əlavə, onlar husilərin Səudiyyə Ərəbistanına və Yəmən hökumətinə hücumları, təhlükəsizlik və gəmiçilik azadlığı məsələlərini, eləcə də Hörmüz və Bab-əl-Məndəb boğazlarında və Qara dənizdə gərginliyin artması mövzusuna toxunublar.

"Nazirlər regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylərə davam etmə, habelə bu məsələlərlə bağlı təhlükəsizlik, iqtisadiyyat və ticarət sahələrindəki problemlərin həllinə sadiq olduqlarını təsdiq ediblər. Onlar regional münaqişələrin dialoq, diplomatiya və deeskalasiya yolu ilə həll edilməsinin kəskin zərurətini vurğulayıblar. BMT qətnamələrinə uyğun olaraq nazirlər bütün həll olunmamış münaqişələrin danışıqlar yolu ilə uzunmüddətli həll yollarının tapılmasının vacibliyini qeyd ediblər" - bəyanatda deyilir.

Bundan əlavə, xarici siyasət idarələrinin rəhbərləri münaqişələrin qarşısının alınması, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə kömək edilməsi üçün bu formatda dialoqu davam etdirmək barədə razılığa gəliblər.