Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Digər ölkələr
  • 23 oktyabr, 2026
  • 19:56
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Avropa Şurasının sədri Antonio Koşta Qara dənizdə Avropa İttifaqı (Aİ) ölkələrinin sahillərində artan hücumları pisləyib və Rumıniya sahillərində bu səhər gəmiyə edilən hücum nəticəsində zərər çəkənlərin ailələrinə başsağlığı verib.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri "X" sosial şəbəkəsində bildirib.

"Zərərçəkənlərin ailələri ilə səmimi həmrəyliyimi ifadə edirəm və onlara ən dərin başsağlığımı bildirirəm", - o qeyd edib.

Koştanın sözlərinə görə, Qara dənizdə Aİ ölkələrinin sahilləri yaxınlığında hücumların sayı artır.

"Belə hücumlar qəbuledilməzdir və dayandırılmalıdır", - o vurğulayıb.

Xatırladaq ki, göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan Komor Adaları bayrağı altında üzən "KHORYV" ticarət gəmisi dron zərbəsindən sonra Qara dənizdə batıb. Azərbaycan vətəndaşları xilas edilib, onlardan biri yüngül xəsarət alıb.