Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb

Digər ölkələr
  • 01 noyabr, 2026
  • 21:50
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndəki üsyançı husilərin "Ənsar Allah" hərəkatının ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) potensialını artırmaq üçün istifadə etdiyi obyektlərə qarşı əməliyyatlar keçirib.

"Report" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi, general Turki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, zərbələr husilərin Yəmən və Səudiyyə Ərəbistanının mülki əhalisinə qarşı hücumlarına cavab olaraq, həmçinin iki ölkənin təhlükəsizliyinə və Qırmızı dənizdə gəmiçiliyə yönələn təhdidlərin zərərsizləşdirilməsi məqsədilə endirilib.

Əməliyyatın keçirildiyi ərazilər, hədəf alınan obyektlərin xarakteri və digər təfərrüatlar açıqlanmayıb.

Daha sonra əl-Maliki koalisiya qüvvələrinin husilər tərəfindən buraxılmış bir PUA-nı və bir ballistik raketi vuraraq zərərsizləşdirdiyini bildirib.