Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsinin dəyişdirilməsinə qarşı etiraz aksiyası keçirilib

Digər ölkələr
  • 26 oktyabr, 2026
  • 02:51
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsinin dəyişdirilməsinə qarşı etiraz aksiyası keçirilib

Çexiyanın bir neçə şəhərində hökumətin ictimai televiziya və radionun maliyyələşdirilməsi sistemini dəyişdirmək planlarına qarşı etiraz aksiyaları keçirilib.

"Report" Çexiya televiziyasına istinadən xəbər verir ki, nümayişlər Praqa, Brno, Libereç və Çeske-Budeyovitsedə baş tutub.

Ən kütləvi aksiya Praqanın tarixi mərkəzindəki Staromestskaya meydanında keçirilib. "Demokratiya üçün milyon an" vətəndaş təşəbbüsündən olan təşkilatçıların məlumatına görə, aksiyada 10 minə yaxın insan iştirak edib. Brnoda mitinqə 4 minə yaxın insan çıxıb.

Aksiya iştirakçıları hökuməti və onun tərkibinə daxil olan partiyaları tənqid ediblər. Nümayişçilər Çexiya, Avropa İttifaqı və Ukrayna bayraqlarını, eləcə də ictimai medianın müstəqilliyini müdafiə edən şüarlar, o cümlədən "Əllərinizi ictimai mediadan çəkin" yazılmış plakatlar tutublar.

Çexiya televiziyası və Çexiya radiosunun maliyyələşdirilməsi sisteminə yenidən baxılmasına qarşı müxalif liberal partiyalar, mədəniyyət xadimləri və Katolik kilsəsinin nümayəndələri də çıxış ediblər.

Öz növbəsində, Çexiyanın Baş naziri Andrey Babiş müxalifəti cəmiyyətdə gərginliyi artırmamağa çağırıb.

"Müstəqil media uğrunda heç bir müharibə yoxdur. Demokratiya uğrunda mübarizə də yoxdur. Medianın milliləşdirilməsi də planlaşdırılmır", - hökumət başçısı bildirib.