Aİ Avropa Sülh Fondu vasitəsilə 4,9 milyard avro ayırıb

Digər ölkələr
  • 26 oktyabr, 2026
  • 21:37
Aİ Avropa Sülh Fondu vasitəsilə 4,9 milyard avro ayırıb

Aİ Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində 4,9 milyard avro ayrılması barədə qərar qəbul edib ki, bu da Aİ-nin hərbi təlim missiyasının maliyyələşdirilməsini davam etdirməyə və Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi yardım xərclərini qismən ödəməyə imkan verəcək.

"Report"un Avropa bürosunun Aİ Şurasına istinadən məlumatına görə, məbləğin böyük hissəsi - 4,7 milyard avro Aİ ölkələrinin hərbi təchizatın ödənilməsinə sərf olunacaq.

Qalan 230 milyon avro isə Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM Ukrayna) maliyyələşdirilməsinə sərf olunacaq.

Qərarlar, Aİ ölkələri tərəfindən sentyabrın sonunda Avropa Sülh Fondu (EPF) vasitəsilə Ukraynaya dəstək üçün 6,6 milyard avro səfərbər etmək barədə əldə edilən siyasi razılaşmanın həyata keçirilməsinin bir hissəsidir.

Son qərarlar nəzərə alınmaqla, Avropa Sülh Fondu vasitəsilə Ukraynaya göstərilən ümumi dəstək məbləği 10,8 milyard avroya çatıb. Qeyd olunur ki, 9,9 milyard avro Aİ ölkələrinin hərbi yardımının ödənilməsinə, 950 milyon avro isə Ukrayna hərbçilərinin təliminə ayrılıb.

Bundan əlavə, Aİ Şurası bildirib ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən 3,5 milyard avro gəlir fond vasitəsilə Ukraynanın üç prioritet ehtiyacını ödəmək üçün istifadə olunub: sursat, hava hücumundan müdafiə və dronlar. Dəyəri 1,5 milyard avrodan çox olan hərbi texnika birbaşa Ukrayna müdafiə sənayesindən alınıb.

Avropa Sülh Fondu 2021-ci ilin martında Aİ-nin ortaq xarici və təhlükəsizlik siyasəti çərçivəsində tədbirləri maliyyələşdirmək, o cümlədən tərəfdaş ölkələrin hərbi və müdafiə qabiliyyətlərini gücləndirmək üçün yaradılıb.

44 filmi