Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi: Yeni mərhələnin strateji hədəfləri

Sağlamlıq
  • 19 oktyabr, 2026
  • 17:52
Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi: Yeni mərhələnin strateji hədəfləri

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Fərmanla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb. Prezidentin digər sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.

Ölkə Prezidentinin imzaladığı bu Fərman səhiyyə idarəçiliyində yeni mərhələ, vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək addım kimi qiymətləndirilməlidir. Son illərdə bu istiqamətdə saysız hesabsız fərman, sərəncam və dövlət proqramları həyata keçirilməkdədir. Səhiyyə sistemi hər bir dövlətin, o cümlədən Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, insanların həyat keyfiyyətinə, sosial rifahına və gələcəyə inamına birbaşa təsir göstərir. Azərbaycan hökumətinin də bu istiqamətdə həyata keçirdiyi islahatların başlıca məqsədi yalnız tibb müəssisələrinin fəaliyyətini təşkil etmək deyil, həm də vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək, maliyyə resurslarından səmərəli istifadə etmək və səhiyyə idarəçiliyini müasir tələblərə uyğunlaşdırmaqdır.

TƏBİB-in yaradılması da icbari tibbi sığortaya keçid dövrünün qaçılmaz və uğurlu bir mərhələsi idi. Onun Səhiyyə Nazirliyinə birləşdirilməsi isə keçid dövrünün başa çatması və artıq daha qlobal, vahid və mərkəzləşdirilmiş idarəetmə mərhələsinə keçiddir.

Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov də bu qənaətdədir. Ölkə Prezidenti tərəfindən imzalanan yeni struktur dəyişikliyini "Report"a şərh edən deyib ki, Azərbaycan səhiyyəsində həyata keçirilən struktur dəyişiklikləri dövlətin uzunmüddətli səhiyyə siyasətinin məntiqi davamı və islahatların yeni mərhələsidir. Onun sözlərinə görə, vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin obyektiv zərurətindən irəli gəlirdi:

"Çünki sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın gündəlik tələblərinə tam uyğun deyildi. Bu səbəbdən dövlət tibb müəssisələrinin ayrıca, daha operativ struktur vasitəsilə idarə olunması həmin dövr üçün zəruri və məqsədəuyğun addım idi".

Deputat bu dəyişiklikləri keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirdiyini bildirib. R.Mahmudov əlavə edib ki, əsas məsələ qurumların adı və tabeliyi deyil, bütövlükdə səhiyyə sisteminin daha səmərəli işləməsi, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəlməsidir.

Azərbaycanda icbari tibbi sığorta sisteminə keçid də məhz bu strateji məqsədlərə xidmət edən mühüm islahatlardan biri olub. Bu islahatların həyata keçirilməsi prosesində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in yaradılması xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanı ilə təsis edilən TƏBİB-in qarşısında dövlət tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi mühüm vəzifələr dayanırdı.

Milli Məclisin deputatı Müşfiq Məmmədli hesab edib ki, Prezident İlham Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını qoyur. "Report"a açıqlamasında o bildirib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yalnız inzibati strukturun yenilənməsi deyil, səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə məsuliyyəti və keyfiyyətə nəzarət mexanizmlərinin yenidən əlaqələndirilməsi baxımından əhəmiyyətli qərardır. Və bu qərarın mahiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi inkişaf yoluna, mövcud idarəetmə modelinin xüsusiyyətlərinə və qarşıdakı mərhələnin prioritetlərinə kompleks yanaşmaq lazımdır.

Müşfiq Məmmədli
M.Məmmədli xatırladıb ki, 2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub:"Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır. Bu baxımdan, yeni Fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi təhlil oluna bilər".

TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid prosesində qaçılmaz və strateji əhəmiyyət daşıyan institusional mərhələ idi. İndi əsas məsələ həmin mərhələdə formalaşdırılmış imkanları daha yüksək xidmət keyfiyyətinə, səmərəli idarəetməyə və vətəndaşların səhiyyə sisteminə inamının möhkəmləndirilməsinə yönəltməkdir.

Səhiyyə Nazirliyinə birləşdirilən TƏBİB dövlət tibb müəssisələrini sovet dövründən qalan köhnə modeldən çıxarıb icbari tibbi sığortanın yeni maliyyələşmə sisteminə çevik şəkildə uyğunlaşdırmaq üçün yaradılmışdı. Hədəf dövlət xəstəxanalarının menecmentini gücləndirmək, xidmət standartlarını sürətlə qaldırmaq və özəl tibb sektoru ilə rəqabətədavamlı etmək idi.üçün ayrıca, operativ bir idarəetmə strukturuna ehtiyac var idi.

Keçid dövrünün yaratdığı böyük idarəetmə yükünü və maliyyə mexanizmlərini operativ tənzimləmək üçün xəstəxanaların birbaşa xəstəxana idarəçiliyi ilə məşğul olan bir quruma (TƏBİB-ə) həvalə edilməsi o dövr üçün ən düzgün taktiki addım idi. TƏBİB missiyasını tamamladı: keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə. Dəyişiklik tibbi sığorta sisteminin yetkinləşməsi və daha çevik vətəndaş yönümlü modelə keçiddir. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi üzrə aparılmış səhiyyə islahatının əsas strateji hədəfləri - vahid strateji idarəetmənin formalaşdırılması, səhiyyə sisteminin inkişafı üzrə vahid strateji yanaşmanın tətbiqi və idarəetmədə koordinasiyanın gücləndirilməsidir.

"Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, fərman Azərbaycan əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək. Deputat vurğulayıb ki, atılan addımlar səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və tibbi xidmətlərin əlçatanlığının daha da artırılması baxımından geniş imkanlar yaradır: "TƏBİB səhiyyə sahəsində islahatların ilkin mərhələsində, xüsusilə icbari tibbi sığortaya keçidin daha çevik təmin olunması məqsədilə keçid dövrü üçün yaradılmış bir qurum idi. Hesab edirəm ki, TƏBİB qarşıya qoyulan bu mərhələnin başa çatmasında öz rolunu yerinə yetirib. Artıq vahid və mərkəzləşdirilmiş idarəetmə sisteminə keçidin vaxtı çatmışdı və bu məsələ də dövlət başçısı tərəfindən öz həllini tapdı".

Məlahət İbrahimqızı
M. İbrahimqızı qeyd edib ki, artıq 7-8 ilə yaxındır, ölkədə icbari tibbi sığorta tətbiq olunur və keçid mərhələsi yekunlaşıb. Və səhiyyə sahəsindəki islahatın əsas nəticəsi yalnız idarəetmə strukturunun dəyişməsi deyil, vətəndaşın daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmət alması olmalıdır. Bunun üçün rəqəmsal inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarından səmərəli istifadə, tibbi kadrların hazırlığının səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmanla nəzərdə tutulan bütün məsələlərin uğurla həyata keçirilməsi, səhiyyə sahəsində idarəetmənin səmərəliliyi daha da artırılacaq və ən əsası əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı genişlənəcək.