İslam dini haqqında stereotiplərin yayılması beynəlxalq əməkdaşlıq üçün ciddi çağırışlar yaradır - RƏY
- 28 oktyabr, 2026
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir dünyada dini və mədəni fərqliliklərin bəzən qarşıdurma vasitəsinə çevrilməsi, İslam dini və müsəlman icmaları haqqında stereotiplərin yayılması beynəlxalq əməkdaşlıq üçün ciddi çağırışlar yaradır.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, belə bir şəraitdə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilə bilər:
"Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən beynəlxalq platformadır. Forumun İƏT tərəfindən dəstəklənməsi onun İslam dünyası ilə digər regionlar arasında dialoqun inkişafı baxımından əhəmiyyətini artırır.
Deputatın fikrincə, son illər Azərbaycanda islamofobiya mövzusuna həsr olunmuş beynəlxalq konfransların keçirilməsi də problemin beynəlxalq müzakirəsinə töhfə verir:
"Bununla yanaşı, İslam dünyasına və Azərbaycana qarşı yönələn qarayaxma kampaniyaları və dezinformasiyalara qarşı mübarizədə üzv dövlətlərin koordinasiyalı fəaliyyəti vacibdir. Bu fəaliyyət etibarlı məlumatların yayılması, media savadlılığının artırılması, faktlara əsaslanan kommunikasiya və ayrı-seçkiliyin bütün formalarına qarşı ardıcıl mövqenin nümayiş etdirilməsi üzərində qurulmalıdır.
Prezident İlham Əliyevin forumun açılış mərasimində dediyi kimi, bütün potensial təhlükələr sərhədlərimizin kənarından gəlir. Bəzi qüvvələr müxtəlif vasitələrlə ölkəmizin dövlət institutlarına inamı sarsıtmağa, milli həmrəyliyi zəiflətməyə, ölkəmiz haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.
Məhz bütün bunları nəzərə alaraq, qeyd etməliyik ki, İslam həmrəyliyinin möhkəmləndirilməsi yalnız ortaq dini kimliyin vurğulanması ilə deyil, həm də müsəlman cəmiyyətlərin üzləşdiyi problemlərə birgə və praktik cavabların hazırlanması ilə mümkündür. Bu baxımdan, Azərbaycanın dialoq və beynəlxalq əməkdaşlıq təşəbbüsləri siyasi, mədəni və humanitar istiqamətləri birləşdirən yanaşma kimi əhəmiyyət daşıyır".