Hicran Hüseynova: Azərbaycan parlamenti iqlim dəyişikliyi çağırışlarına operativ reaksiya verir

Daxili siyasət
  • 19 may, 2026
  • 12:09
Hicran Hüseynova: Azərbaycan parlamenti iqlim dəyişikliyi çağırışlarına operativ reaksiya verir

Şəhərlərin gələcəyi artıq yalnız memarlıq layihələri ilə deyil, həm də möhkəm hüquqi baza və onların effektiv icra mexanizmləri ilə ölçülür.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycan parlamenti iqlim dəyişikliyi və dayanıqlı şəhər inkişafı çağırışlarına operativ reaksiya verir.

H.Hüseynova eyni zamanda diqqətə çatdırıb ki, erkən xəbərdarlıq sistemləri və iqlimə davamlı şəhərlər anlayışları özündə elmi proqnozlaşdırma, qabaqcıl texnologiyalar və sosial inklüzivliyi birləşdirən kompleks yanaşmadır:

"Şəhərləri ekstremal hava hadisələrindən qorumaq, iqtisadi itkiləri azaltmaq və əhalinin həssas təbəqələrinin təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi, həssas qrupların proseslərə cəlb olunması, qadınların fəallığının artırılması və uşaqların qorunması bu istiqamətdə əsas prioritetlərdəndir".

Komitə sədrinin sözlərinə görə, təhlükəsiz gələcəyin elmi modeli - risklərin qiymətləndirilməsini və dəqiq proqnozlaşdırmanı təmin edən çoxsaylı komponentlərə əsaslanır:

"Burada çox təhlükəli erkən xəbərdarlıq sistemlərinin tətbiqi vacibdir. Çünki biz son zamanlar görürük ki, eyni zamanda istilər, daşqınlar, quraqlıq və torpaq sürüşmələri kimi qarşılıqlı əlaqəli təhlükələr baş verir. Və eyni vaxt çərçivəsində prosesi təhlil etmək və vaxtında xəbərdarlıq vermək lazım olur. Həmçinin, Ağıllı Şəhər Texnologiyalarının tətbiqi vəziyyətin real vaxt rejimində izlənilməsi və hadisə baş verməmişdən saatlar əvvəl tədbir görülməsinə imkan yaradır. Elmi məlumatlar icmalar tərəfindən başa düşülməsi və tətbiq edilməsi üçün sosial modellər mövcuddur. Bunlardan ən birincisi, insan mərkəzli xəbərdarlıqların verilməsidir. Xəbərdarlıq mesajları sadə dildə, çoxkanallı və əhalinin həssas qruplarının xüsusiyyətləri nəzərə alınmaqla çatdırılır. İkincisi, icmaların fövqəladə hallara reaksiyasını artırmaq üçün təxliyə təlimləri keçirilir və ekoloji maarifləndirmə təşviq edilir. Üçüncüsü isə, İnklüziv Şəhərsalma layihələrinə üstünlüyün verilməsidir".

44 filmi