Qırğızıstanlı nazir investisiya uğrunda mübarizədə Avrasiya ölkələri üçün əsas çağırışı açıqlayıb

Biznes
  • 25 iyun, 2026
  • 11:05
Qırğızıstanlı nazir investisiya uğrunda mübarizədə Avrasiya ölkələri üçün əsas çağırışı açıqlayıb

Yaxın illərdə Avrasiya regionu ölkələri arasında təkcə kapital uğrunda deyil, həm də keyfiyyətli ideyalar və investisiya layihələri uğrunda rəqabət gedəcək.

"Report"un Almatıya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunda "Avrasiya 2030+: investisiyalar, artım və yeni imkanlar" mövzusunda keçirilən plenar sessiyada bildirib.

2030-cu ilə qədər olan dövrü əhatə edən investisiya gündəliyindən danışan B.Sıdıkov vurğulayıb ki, ölkələrin uğuru təkcə əlçatan kapitalın həcmindən asılı olmayacaq.

"Ölkələr arasında həm kapital, həm də keyfiyyətli ideyalar və layihələr uğrunda rəqabət gedəcək. İnvestisiyalar hazırlanmış təşəbbüslərin, şəffaf prosedurların, peşəkar komandaların və effektiv inkişaf institutlarının olduğu yerə cəlb olunur", - o bildirib.

Nazirin sözlərinə görə, region dövlətlərinin əsas vəzifəsi perspektivli layihələrin daha tez hazırlanması və erkən icra mərhələlərində maliyyələşdirilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

"Məqsədimiz Avrasiya regionunu perspektivli layihələrin daha tez yarandığı, daha keyfiyyətlə hazırlandığı və daha erkən mərhələlərdə maliyyə resurslarına çıxış əldə etdiyi bir məkana çevirməkdir", - B.Sıdıkov vurğulayıb.