Nazir müavini: "Qarşımızdakı əsas prioritetlərdən biri iqlim hədəflərinə nail olmaqdır"

Biznes
  • 28 oktyabr, 2026
  • 12:50
Nazir müavini: Qarşımızdakı əsas prioritetlərdən biri iqlim hədəflərinə nail olmaqdır

Orta və uzunmüddətli dövrdə Azərbaycan hökumətinin qarşısında duran əsas prioritetlərdən biri iqlim hədəflərinə nail olmaqdır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif maraqlı tərəflərlə birlikdə maliyyə resurslarının tapılması, səfərbər edilməsi və karbon hədəflərinə nail olunması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi təmin ediləcək: "Bu gün BMT-nin Azərbaycan nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş 9-cu DİM dialoqu məhz aşağı karbonlu inkişaf strategiyasına həsr edilib. Bir neçə gün öncə Nazirlər Kabinetinin qərarı ilə aşağı karbonlu inkişaf strategiyası təsdiqlənib. Bu, karbon emissiyalarının azaldılmasına xidmət edəcək strategiyadır və 2060-cı ilə qədər xalis sıfır emisiya hədəfinə nail olunması nəzərdə tutulub. Bugünkü müzakirəmizdə həm dövlət sektorundan olan nümayəndələr, həm özəl sektor, həm beynəlxalq təşkilatlar, həm akademik dairələr, həm də qeyri-hökumət təşkilatları ilə birgə sıfır emissiyalara nail olunması istiqamətində müzakirələr aparır".

Nazir müavini müzakirələr zamanı əsas mövzu və mərkəzi elementin enerji sektorunda dekarbonizasiyaya nail olunması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi olduğunu xatırladıb: "Bu istiqamətdə Energetika Nazirliyi və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası ilə birgə hazırlanan yol xəritəsinin müzakirəsi baş tutdu. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən və alternativ enerji sahəsində çalışan şirkətlər müxtəlif fikirlər səsləndirii. Təbii ki, aşağı karbonlu inkişaf strategiyasına nail olmaq üçün maliyyə resurslarına çıxış imkanlarının artırılması vacib əhəmiyyətə malikdir".

44 filmi