Loran Françiozi: "CDP Azərbaycanın uzunmüddətli tərəfdaşı olmağa çalışır"

Biznes
  • 23 noyabr, 2026
  • 11:15
Loran Françiozi: CDP Azərbaycanın uzunmüddətli tərəfdaşı olmağa çalışır

İtaliyanın "Cassa Depositi e Prestiti" (CDP) dövlət inkişaf bankı Azərbaycanın uzunmüddətli tərəfdaşı və iki ölkənin müəssisələri, investorları və dövlət institutları arasında əlaqələndirici halqa olmağa çalışır.

"Report" xəbər verir ki, bu barədə CDP-nin beynəlxalq bazarların inkişafı şöbəsinin rəhbəri Loran Françiozi Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumunda bildirib.

O, həmçinin qeyd edib ki, CDP Azərbaycan Biznesin İnkişafı Fondu ilə saziş imzalayacaq.

"Biz anlayırıq ki, Azərbaycanla tərəfdaşlığın tamhüquqlu inkişafı üçün kiçik və orta müəssisələri cəlb etmək lazımdır. Məhz buna görə də biz tezliklə Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurovla imzalayacağım əməkdaşlıq sazişinə xüsusi əhəmiyyət veririk. Biz bu sazişin yalnız qarşılıqlı fəaliyyət üçün institusional əsas olaraq qalmasını istəmirik. Məqsədimiz onu investisiya imkanlarının müəyyən edilməsi, ticarət əlaqələrinin inkişafı və hər şeydən əvvəl, iki ölkə şirkətləri arasında yeni tərəfdaşlıqların yaradılması üçün praktiki alətə çevirməkdir", - L.Françiozi əlavə edib.

Onun sözlərinə görə, CDP bankın rəqəmsal platformasından və məqsədyönlü sahəvi görüşlərdən istifadə etməklə 2027-ci ildə işgüzar əlaqələrin qurulması ("business matching") üzrə Azərbaycana istiqamətlənmiş təşəbbüslərin həyata keçirilməsinə başlamağı nəzərdə tutur:

"CDP Azərbaycanın uzunmüddətli tərəfdaşı və iki ölkənin müəssisələri, investorları və dövlət institutları arasında əlaqələndirici həlqə olmağa çalışır. Biz energetikadan tutmuş yeni texnologiyalara qədər geniş istiqamətlər spektrini əhatə edərək, strateji layihələri və kiçik və orta biznesi birləşdirmək niyyətindəyik. Bizim vəzifəmiz dəyişməz olaraq qalır: İtaliya biznes icması ilə birlikdə möhkəm ikitərəfli münasibətləri yeni təşəbbüslərə, investisiyalara və qarşılıqlı iqtisadi artıma çevirmək".

44 filmi