İlham Əliyev I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- 22 sentyabr, 2025
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Müraciətdə bildirilir:
"Hörmətli Forum iştirakçıları,
Sizi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.
Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edirəm.
Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verib, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb.
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb. Məhz bu səbəbdən 2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi - 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıbr.
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.
Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 % artıb və onun ümumi iqtisadiyyatda payı 68 %-ə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.
Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınıb, onların 98-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, burada 11 minə yaxın daimi iş yeri yaradılıb.
Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri, həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 % səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 6,5 %-ə düşərək dünyada ən aşağı göstəricilərdən birinə çevrilib.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.
Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.
Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla tərəfdaşlarımız ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionunun firavanlığına mühüm töhfələr verə bilər.
Bu gün keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.
Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaqdır.
Forumun işinə uğurlar, bütün iştirakçılara isə yeni səmərəli tərəfdaşlıqlar arzulayıram".