Azərbaycanda aqrar texnika və ehtiyat hissələri 6 il ƏDV-dən azad ediləcək

Biznes
  • 05 noyabr, 2026
  • 12:09
Azərbaycanda aqrar texnika və ehtiyat hissələri 6 il ƏDV-dən azad ediləcək

Azərbaycanda kənd təsərrüfatı təyinatlı traktorların satışının və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən (o cümlədən gömrük rüsumlarından) azad olunması təklif olunur.

"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qanun layihəsinin məqsədi kənd təsərrüfatı təyinatlı traktor istehsalının lokallaşdırılması və yerli istehsalın dəstəklənməsidir.

Sənəddə vurğulanıb ki, Vergi Məcəlləsinə əsasən, yerli istehsalın dəstəklənməsi məqsədilə tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda, boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə ölkədə istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 6 il müddətinə, avtobusların və yük avtomobillərinin satışı, habelə istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə isə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olunub.

Hazırda ölkədə minik avtomobilləri, yük avtomobilləri ilə yanaşı, kənd təsərrüfatı təyinatlı traktorların da sənaye yığımı həyata keçirilir. Bu səbəbdən də kənd təsərrüfatı təyinatlı traktor istehsalı sahəsində fəaliyyət göstərən rezident müəssisələrin fəaliyyətinin dəstəklənməsi, traktorların sənaye yığımının genişlənməsi, onların yerli istehsalının formalaşması, gələcəkdə lokallaşma dərəcəsinin artırılması və bu sahədə idxaldan asılılığın aradan qaldırılması məqsədilə kənd təsərrüfatı təyinatlı traktorların satışının və ehtiyat hissələrinin idxalının ƏDV və gömrük rüsumlarından azad olunması ilə bağlı analoji tədbirlərin görülməsi məqsədəuyğun hesab olunur.

Vurğulanıb ki, layihənin qəbul edilməsi kənd təsərrüfatı təyinatlı traktorların sənaye yığımının genişlənməsinə və gələcəkdə lokallaşma dərəcəsinin artırılmasına xidmət edəcək, bu sahə ilə əlaqədar digər əlaqəli sahələrin də kompleks inkişafında mühüm rol oynayacaq. Kənd təsərrüfatı təyinatlı traktorların istehsalının genişlənməsi və lokallaşma səviyyəsinin artması öz növbəsində bu sahədə klasterin formalaşdırılmasına gətirib çıxara bilər.

44 filmi