AZPROMO: Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı üçün Hindistan çox gözəl bazar ola bilər

Biznes
  • 01 iyul, 2019
  • 11:39
AZPROMO: Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı üçün Hindistan çox gözəl bazar ola bilər

"Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı istiqamətində Hindistan çox gözəl bazar ola bilər".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan və Hindistan arasında bu gün Bakıda keçirilən biznes-forumda çıxışı zamanı Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib. 

Y.Abdullayev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb.

"Biznes-forum iki ölkənin şirkətlərinin bir-biri ilə görüşməsinə və müzakirələrin aparmasına imkan yaradacaq. Bu kimi forumların iki ölkə arasında mütəmadi keçirilməsini arzu edirik. Düşünürəm ki, qarşılıqlı investisiyaların həyata keçirilməsində addımlar atılmağa davam etdirilməlidir", - deyə Y.Abdullayev bildirib. 

Onun sözlərinə görə, bu forumda Azərbaycandan 60-a yaxın sahibkar, 30-a yaxın isə Hindistandan iş adamı iştirak edir.

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq isə çıxışında qeyd edib ki, sentyabrda Ticarət Palatasının iştirakı ilə iki ölkə arasında tədbir keçiriləcək: "İki ölkə arasındakı 930 mln dollarlıq ticarət dövriyyəsinin 720 mln dolları Azərbaycanın Hindistana ixracının payına düşür. Biz iqtisadi münasibətlərin genişləndirilməsini istərdik. Bunun üçün Hindistan şirkətlərinin geniş imkanları mövcuddur".