Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ

Analitika
  • 19 oktyabr, 2026
  • 16:17
Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ

Fransanın paytaxtı Parisin şimalındakı liseylərdən başlamış etirazlar dördüncü həftədir davam edir. Məktəb və universitetlərdə bahalığa qarşı start götürən aksiyanın hazırda növbəti dalğası yaşanır. Şagird və tələbələrə həmkarlar ittifaqları, fermerlər, eko-fəallar, habelə məşhur "sarı jiletlilər" də qoşulub. Ümumi Əmək Konfederasiyası (CGT) da aksiyalarda iştiraka dəstək verir. Odur ki, aksiya iştirakçı sayı və əhatə etdiyi təbəqəyə görə geniş sosial hərəkata çevrilib.

Etirazçıların sayı barəsində müxtəlif rəqəmlər açıqlanır. Bildirilib ki, oktyabrın 17-də 1 milyona yaxın aksiya iştirakçısı ilə polis əməkdaşları arasında toqquşma olub.

Bu etirazlar fonunda Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib. Çünki aksiya iştirakçıları və siyasi partiyalar onu istefaya çağıran şüarlar, tələblər irəli sürürdülər. Prezident Makron nazirin istefa ərizəsini qəbul etməyib.

Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq dövlət başçısı nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hallarından sonra güclü təzyiq altında olan nazirin istefasını rədd edib.

Aksiya iştirakçılarının əsas tələblərinə inflyasiya, əsas mal və xidmətlərin bahalaşması fonunda əməkhaqlarının, pensiyaların və sosial ödənişlərin artırılması, ictimai sektorun deqradasiyasının dayandırılması, həyati əhəmiyyətli sahələrdə maliyyələşdirmənin və işçi heyətin artırılması, təhsil şəraitinin yaxşılaşdırılması, müəllim heyətinin artırılması və məktəblərin büdcə maliyyələşdirilməsinin genişləndirilməsi daxildir.

Makronun hakimiyyəti illərində bu, miqyasına və uzunmüddətliliyinə görə ikinci böyük etiraz aksiyadır.

2018-ci il noyabrın 17-də ölkədə "sarı jiletlər"in etiraz hərəkatı keçirilib. Bu aksiya 2020-ci il iyunun 28-dək - 590 gün, yəni bir il 7 ay davam edib. Onda Avropanın bir sıra şəhərlərində də "sarılara dəstək" məqsədilə aksiyalar keçirilmişdi.

Yeri gəlmişkən, "sarı jiletlər" bu aksiyalarda da sosial şəbəkədə müxtəlif nəsillər və peşə qruplarının etirazlarını birləşdirməyə, aksiyaları daha mütəşəkkil şəkildə təşkil etməyə çalışırlar.

Onda yanacağın qiymətinin artmasına etirazla başlamış hərəkat hakimiyyət qarşısında 25 tələblə çıxış etmişdi. Onların arasında "Frexit"- Fransanın Avropa İttifaqından çıxması, yollardan radarların və fikser-kameraların dərhal götürülməsi, milli təhsil sistemi, ideologiyanın təhsildən kənarlaşdırılması, media monopoliyalarının parçalanması, media ilə siyasətçilər arasında tanışlıq-qohumluq əlaqələrinin aradan qaldırılması, vergi islahatı üçün ümumxalq məclisinin çağırılması, vətəndaşın sərvətinin 25%-ni aşan vergilərin qanunvericilik yolu ilə qadağan edilməsi, minimum əməkhaqqının, pensiyaların və yaşayış minimumunun dərhal 40% artırılması, bütün infrastrukturların lazımi fəaliyyətini təmin etmək üçün səhiyyə, təhsil, ictimai nəqliyyat, hüquq-mühafizə və s. sahələrdə dərhal yeni iş yerlərinin yaradılması, GMO-ların, xərçəng xəstəliklərinin və endokrin sistem patologiyasının inkişafında şübhəli bilinən pestisidlərin qadağan edilməsi, Fransanın NATO-dan dərhal çıxması, qoşunların təcavüz müharibələrində istifadəsinin qanunvericiliklə qadağan edilməsi, Fransa-Afrika münasibətlərində qarət siyasətinə son qoyulması, hərbi və siyasi müdaxilənin dayandırılması, qoşunların dərhal evə qaytarılması və başqalar da var.

Qeyd etdiyimiz tələblərdən heç birinə bu gün də əməl olunmayıb. Onda Emmanuel Makron və hökuməti bir sıra tələbləri yerinə yetirməklə bunu güzəşt kimi göstərməyə çalışmışdı. Onda Makron hakimiyyəti bunu iqtisadi islahat adlandıraraq 25 tələbdən 5-nə müəyyən mənada əməl etməklə işini bitmiş saymışdı.

Ancaq bunlar 6 il öncə dayandırılmış kütləvi etiraz hərəkatını qane etmədiyi üçün yeni aksiyaların baş verməsi də gözlənilən idi. Çünki Makron hakimiyyəti islahat adı altında müəyyən kosmetik tədbirlərlə vəziyyəti hakimiyyətin xeyrinə sabitləşdirməyə çalışmışdı. 2022-ci ilin mayından (Makronun prezidentliyinin ikinci dövrü başlayandan) 2025-ci ilin payızınadək onun 5 baş nazir dəyişməsi Fransa hakimiyyətində böhranlı vəziyyətin davam etdiyini göstərir.

Son illərin hadisələri isbatlayır ki, Avropanın mərkəzində, Avropa İttifaqının və qlobal siyasətin iddialı ölkəsi sayılan Fransada diktatura rejimi hökm sürür. Bu diktatura uzun illər əhalinin sosial problemlərinə göz yumub. Baş verənlər Makronun antidemokratik, avtoritar və diktator siyasətinin "bəhrə"sidir.

Yuxarıda da qeyd etdiyimiz kimi, "sarı jiletlər"in həyata keçirilməyən tələbləri gec-tez yenidən gündəliyə gələcəkdi. Makron hakimiyyəti kosmetik tədbirlərlə onların gözünə kül üfrə bilmədi. Cəmiyyət yenidən oxşar sosial tələbləri irəli sürüb. Hazırkı prezidentin inadkar siyasəti isə Fransa cəmiyyətini qütbləşdirib, dünyanın 5 aparıcı dövlətindən birini uçuruma sürükləyir.

Parisdə baş verən hadisələrdən də görünür ki, Makron diktaturası, xüsusi xidmət orqanlarının agentura şəbəkəsi dinc nümayişçilərə qarşı məqsədli təxribatlar törədir. Meydanlarda, küçə və xiyabanlarda qarətçilik edir, iğtişaşlar yaradır, yanğınlar törədir. Bununla da etirazçıların haqlı tələblərinin üzərinə kölgə salmağa çalışırlar.

Hökumət aksiya iştirakçıları ilə dialoq aparıb, onların tələblərinin reallaşması istiqamətində addımlar atmaqdansa, etiraz tədbirlərini "iğtişaş" adlandırır, onun iştirakçılarını pisləyir, "qara yaxır", aksiyadakı "talançıların cəzalandırılacağını" iddia edir.

Makron oktyabrın 18-də Fransa əhalisinə müraciəti zamanı "iğtişaş törədənlərin hərəkətlərini" şərh edərkən sual verib: "Onların başında nə var? Niyə fransızlar Fransa ilə belə rəftar edirlər?".

Buna cavab olaraq o deyib ki, "dağıntı və talançılıqla məşğul olanlar" dəyən zərəri ödəməli olacaqlar.

Makron və onun polis rejimi aksiyaçılara qarşı vandallıq ssenarisi ilə əhalidə xof, qorxu yaratmaqla dinc etirazçılara qarşı nifrət formalaşdırmağa və polis zorakılığına hüquqi bəraət qazandırmağa çalışır. Bunu onun müraciəti də təsdiqləyir.

Təkcə dünənki aksiyalarda 2 mindən çox etirazçı saxlanılıb.

Baş verən hadisələr Emmanuel Makronun reytinqinə də kəskin təsir göstərib. "La Tribune Dimanche" üçün "Ipsos BVA-CESI" sorğusunun 2026-cı ilin oktyabrında dərc edilmiş məlumatlarına əsasən, onun reytinqi rekord aşağı səviyyə olan 15%-ə düşüb. Bu ilin sentyabrında isə bu göstərici 16 faiz olmuşdu. Respondentlərin 82 faizi prezident kimi onu bəyənmir. Baş nazir Sebastyen Lekornünün reytinqi isə 22% olub. Ondan narazı olanlar 69%-dir.

2027-ci ilin aprel və may aylarında iki turda Fransada prezident seçkisi keçiriləcək. Makron Fransa tarixində qara bir səhifəyə çevriləcək. Onun yürütdüyü xarici, daxili siyasət, habelə sosial, maliyyə və başqa sahələrdə həyata keçirməyə cəhd göstərdiyi islahatlar uğursuzluğa uğrayıb.

Makronun uğursuz siyasəti ölkəni xaosa sürükləyir. O, seçkilər ərəfəsində ölkədə fövqəladə vəziyyət elan etmək üçün optimal şərait yaratmaq istəyir.

Emmanuel Makronun da daxil olduğu Fransa elitasının adı genişmiqyaslı maliyyə maxinasiyaları, fırıldaqçılıq, korrupsiya və dövlət vəsaitinin qeyri-şəffaf xərclənməsi ilə bağlı iddialarda hallanır. Ölkədəki etiraz aksiyalarının bir hədəfi də cəmiyyətin diqqətini bu istiqamətdə törədilmiş cinayətlərdən yayındırmaqdır.

Fransa həm də Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindəndir. Bu baxımdan, Aİ-nin öz vətəndaşlarına, onların tələblərinə qarşı belə laqeyd yanaşması həm də Avropa Parlamenti, Avropa Komissiyası və onun başçısı Ursula fon der Lyayen, habelə başqa bürokratların indiyədək yürütdüyü yarıtmaz siyasətin nəticəsi sayılır.

Lyayenin adı vaxtilə peyvənd satınalması ilə bağlı "Pfizergate" vaksini ətrafında yaranan qalmaqalda hallanırdı. Bu səbəbdən ona Avropa Parlamentində dəfələrlə etimadsızlıq təşəbbüsü olub. Ursula fon der Lyayen səlahiyyət həddini aşaraq gizli diplomatiya ilə məşğul olduğuna görə tənqid edilib. Onun başçılığı ilə Aİ-nin Merkosur bloku ilə ticarət razılaşmasını irəli aparması və İttifaq daxilində kənd təsərrüfatının maraqlarını nəzərə almaması Avropa fermerlərinin kütləvi narazılığına səbəb olmuşdu. Onun yürütdüyü qanunsuz miqrasiya ilə mübarizə strategiyasının səmərəsizliyi də diqqətdən yayınmayıb.

Avropa İttifaqı və onun qurumları, o cümlədən insan hüquqlarına dair komissiyasının Avropanın ən inkişaf etmiş ölkələrindən sayılan Fransada bu həcmdə pozulan insan hüquqlarını görməzdən gəlməsi ənənəvi ikili standartların davamıdır. Çünki Avropa İttifaqı və onun qurumları başqa ölkələrdə ən kiçik hadisəyə "insan hüquqlarının pozulması" adı verir. Bunun ardınca həmin ölkəyə təzyiqlər göstərilir, sanksiyalar tətbiq olunur. Ancaq Aİ Fransanın Paris də daxil olmaqla başqa şəhərlərində dinc aksiya iştirakçılarının vəhşicəsinə döyülməsinə, kütləvi həbsləri nədənsə görmür.

Təəssüf ki, Fransada sosial tələblər irəli sürən dinc etirazçılar "qarətçi" sayılır. Müasir dünyada "demokratiyanın beşiyi" olduğuna iddia edən bu ölkə sosial, siyasi, iqtisadi, ədliyyə, hərbi, mədəni və başqa sahələr üzrə islahatlara ehtiyac duyur. Ona görə də "sarı jiletlər"dən sonra yenə sosial tələblərlə dinc aksiyalar keçirilir.

Fransada prezidentin "immuniteti" olduğu üçün hakimiyyətdə olduğu müddətdə ona qarşı cinayət işi başlanmır. Ancaq bu səlahiyyətləri bitdikdən sonra ona qarşı da ittihamlar irəli sürülür və cəzalanır. Nikola Sarkozi kimi. Ona görə Emmanuel Makrona qarşı da maliyyə əməliyyatlarının törədilməsi ilə bağlı rəsmi ittihamlar irəli sürülməyib. Bununla belə, onun və ətrafındakı şəxslərin adları Fransanın Milli Maliyyə Prokurorluğu tərəfindən aparılan bir sıra iri maliyyə istintaqlarında keçib.

2022-2026-cı illərdə araşdırılan "McKinsey" konsaltinq şirkətinin işini xatırlatmaq yerinə düşər. Ehtimal olunurdu ki, ABŞ-nin bu şirkətinin əməkdaşları Makronun seçkiqabağı kampaniyalarının təşkilində ödənişsiz və ya aşağı qiymətlə iştirak ediblər.

Beləliklə, ehtimal etmək olar ki, 2027-ci ilin mayından sonra "sarı jiletlər", məktəblilər və tələbələrin dinc aksiyalarına tutulan divanlara görə toxunulmazlığı ləğv ediləcək və səlahiyyətləri alınacaq Emmanuel Makron barəsində də cinayət işi başlanacaq. Buna çox az, cəmi 8 ay qalıb. Odur ki, dünya ictimaiyyətini, xüsusən də Avropanı yeni, səs-küylü məhkəmə gözləyir...